ruaz

Rəqəmsal cüzdanlar: Qısa tarixçə

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
Rəqəmsal cüzdanlar: Qısa tarixçə

Rəqəmsal cüzdanlardan kimlər istifadə edir?

Bu gün çox sayda insan rəqəmsal cüzdanlardan istifadə edir, lakin bəzi qruplar digərlərinə nisbətən bu üsula daha çox üstünlük verirlər.
Məsələn, Y nəsli və Z nəsli kimi gənc istehlakçıların bu ödəniş üsulundan istifadə etmə ehtimalı digər nəsillərə görə daha yüksəkdir. Baby Boomer və daha yaşlı qrupların yalnız kiçik bir faizi rəqəmsal cüzdan istifadəsini bildirərkən, Z nəslinin təxminən %80-i, Y nəslinin isə təxminən %67-si rəqəmsal cüzdandan istifadə etdiyini deyib.
Bu, qismən gənclərin texnologiyadan istifadə etməklə bağlı özlərini daha rahat və güvənli hiss etmələri və problemsiz, təmassız ödəniş üsullarına üstünlük vermələrindən qaynaqlanır. Bir neçə maliyyə funksiyasını tək bir tətbiqdə birləşdirməyin rahatlığı, eləcə də biometrik identifikasiya və şifrələmə kimi inkişaf etmiş təhlükəsizlik xüsusiyyətləri rəqəmsal cüzdanları onlar üçün cəlbedici edir.
Y nəsli, Z nəsli və onları izləyən Alfa nəslinin dünyadakı alıcılıq gücünün yarısından çoxuna sahib olduğu nəzərə alınarsa, rəqabətdə qalmaq istəyən bizneslərin rəqəmsal cüzdanla ödəniş seçimləri təqdim etməkdən başqa çarəsi yoxdur.

Rəqəmsal cüzdanların e-ticaretə təsiri

İstehlakçılar 2023-cü ildə e-ticarət şirkətlərinə rəqəmsal cüzdan ödənişləri vasitəsilə 3,1 trilyon ABŞ dollarına yaxın vəsait xərcləyiblər ki, bu da dünya üzrə bütün e-ticarət xərclərinin təxminən yarısını təşkil edib.
Mobil alış-verişin bu mənzərədə böyük rolu var. Smartfonlar istehlakçıların gündəlik həyatının mərkəzinə yerləşdikcə, məhsul tapmaq və alış-verişi tamamlamaq üçün bu cihazlara getdikcə daha çox güvənirlər. 2023-cü ildə qlobal e-ticarət satışlarının %72-si mobil cihazlar vasitəsilə həyata keçirilib və ümumi məbləğ təxminən 4,34 trilyon ABŞ dollarına çatıb.
Bunun səbəblərindən biri, mobil cüzdanlarla ödəniş etməyin nə qədər asan olmasıdır. Bu, prosesi sürətləndirir və daha tez-tez alış-veriş etməyə təşviq edir. Bundan əlavə, bir çox rəqəmsal cüzdan, sadiqlik proqramları, hədəfli xüsusi təkliflər və xərcləmə məlumatları kimi xüsusiyyətlər təqdim edir ki, bu da gənc istehlakçıların axtardığı fərdiləşdirilmiş alış-veriş təcrübəsini təmin edir.
Nəticə olaraq, istehlakçılar problemsiz, təhlükəsiz və sürətli əməliyyatlar gözləyirlər və rəqəmsal cüzdanlar məhz bunu təmin edir. Elə buna görə də, qeyd etdiyimiz kimi, rəqabətdə qalmaq istəyən bizneslər mütləq rəqəmsal cüzdan ödəniş variantlarını sistemlərinə inteqrasiya etməlidirlər.

Rəqəmsal cüzdanların istehlakçılar və bizneslər üçün üstünlükləri

Rəqəmsal cüzdanlar insanların ödəniş etmə və ödəniş alma formasını dəyişdirdi. Lakin uğurlarının səbəbi təkcə rahatlıq deyil. Daha sürətli, daha təhlükəsiz əməliyyatlardan tutmuş müştəri məmnuniyyətinin artmasına qədər, onlar həm alıcılar, həm də bizneslər üçün alış-veriş təcrübəsini yaxşılaşdırır.
Rahatlıq
Zəhmətsiz və ani ödəniş rahatlığı rəqəmsal cüzdanların bu qədər populyar olmasının əsas səbəblərindən biridir. Bu xüsusilə onlayn və mobil alış-veriş edənlər üçün keçərlidir; onlar sürətli və asan əməliyyat gözləyir və bank və ya kredit kartı məlumatlarını əl ilə daxil etmək istəmirlər.
Rəqəmsal cüzdanla ödəniş seçimi təqdim etmək bizneslər üçün də çox faydalı ola bilər. ABŞ-da alıcıların %22-si, ödəniş prosesi çox uzun və ya çox mürəkkəb olduğu üçün səbətini yarımçıq qoyduğunu bildirib. Bundan başqa, dünyada alıcıların %17-si, sevdikləri ödəniş üsulu təqdim olunmadığı üçün əməliyyatını tamamlamayıb.
Müştərilərə axtardıqları rəqəmsal cüzdan seçimini təqdim etməklə, bizneslərin onları məmnun etməsi və gəlirliliyini artırması ehtimalı daha yüksəkdir.
Təhlükəsizlik
Rəqəmsal cüzdanlar həmçinin ödənişləri daha təhlükəsiz edir ki, bu da çox sayda insanın onları seçməsinin digər əsas səbəbidir.
Əvvəla, rəqəmsal cüzdan tətbiqləri şifrələnir. Bu, istifadəçilərin həssas maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanmasına və ötürülməsinə imkan verir və hakerlərin bu dataları ələ keçirməsini xeyli çətinləşdirir. Üstəlik, tokenləşdirmə (real məlumatların hakerlər üçün mənasız olan kodlaşdırılmış, əvəzləyici məlumatlarla dəyişdirilməsi) o deməkdir ki, satıcılar heç vaxt müştərinin real ödəniş məlumatlarını görmür.
Barmaq izi və ya üz tanıma kimi biometrik identifikasiya üsulları isə əməliyyatları yalnız cüzdan sahibinin təsdiqləyə bilməsini təmin edir. Bu təhlükəsizlik xüsusiyyətləri bizneslərin onlar üçün çox baha başa gələ biləcək dələduzluq riskini azaltmasına kömək edir. Bəzi ölkələrdə həmçinin çox sərt məlumatların qorunması qanunları mövcuddur və rəqəmsal cüzdanlar bizneslərin bu tələblərə uyğun fəaliyyət göstərməsinə yardım edir.
Elastiklik
Rəqəmsal cüzdanlar istehlakçılara pul saxlamağa və bir neçə ödəniş üsulunu tək bir məkanda toplamağa imkan verir. Bu zaman onlar üstünlük verdikləri üsulu (məsələn, hansı bank hesabından vəsait çıxılacağını) seçə bilirlər. Bu, insanların daha çox xərcləməsinə şərait yaradır ki, bu da, təbii olaraq, bizneslərin tam da istədiyi şeydir.
Araşdırmalara görə istehlakçıların %89-u, sevdikləri ödəniş üsulundan istifadə edə bildikdə alış-verişi daha tez tamamlayır. Və %84-ü, elastik ödəniş seçimləri təqdim olunduqda daha bahalı məhsullar almağa meyllidir.
Müştərilər sevdikləri ödəniş metodundan problemsiz şəkildə istifadə edə bildikdə və bu üsul beynəlxalq və ya yerli pul köçürmələri üçün bir neçə addım keçməyi tələb etmədikdə, alış-verişi tamamlamaq ehtimalları xeyli artır.

Rəqəmsal cüzdanlarla bağlı çətinliklər və nəzərə alınmalı məqamlar

Rəqəmsal cüzdanlar sürət, təhlükəsizlik və rahatlıq təklif etsə də, həm istehlakçılar, həm də bizneslər üçün müəyyən çətinliklər də yaradır. Bu potensial mənfi cəhətləri başa düşmək həm sizin, həm də alış-veriş etdiyiniz bizneslərin rəqəmsal cüzdanlardan istifadə barədə daha şüurlu qərar verməsinə kömək edə bilər.
Cihaz asılılığı və əlçatanlıq problemləri
Nağd pul və ya fiziki kartların əksinə olaraq, rəqəmsal cüzdanlar internetə qoşulmuş smartfon, planşet və ya digər cihaz və stabil bağlantı kimi hər kəsin malik olmadığı və ya malik olmaq istəmədiyi texnologiyalardan asılıdır. Məsələn, bir nəfərin smartfonu olsa belə, telefonun itməsi, oğurlanması və ya ən uyğun olmayan anda enerjisinin bitməsi alış-veriş etməsinə mane ola bilər.
Bizneslər üçün bu, xüsusilə zəif mobil siqnal və ya çox yavaş internet bağlantısı olan uzaq ərazilərdə çətinlik yarada bilər. Bu vəziyyət şirkətlərin təqdim edə biləcəyi ödəniş seçimlərini məhdudlaşdıra və müştərilər üçün əsəbi vəziyyət yarada bilər.
Pərakəndə tərəfdə digər bir problem də uyğunluq məsələsidir. PayPal-dan tutmuş Careem-ə qədər çox sayda rəqəmsal cüzdan mövcuddur və bizneslərin ən yaxşı müştəri təcrübəsini təmin etmək üçün ödəniş sistemlərinin mümkün qədər çox cüzdan provayderi ilə uyumlu olmasına ehtiyac var.
Regional və tənzimləyici çətinliklər
Rəqəmsal cüzdanlar rahat ola bilər, lakin onların heç biri hər yerdə işləməyə bilər. Bəzi cüzdanlar müəyyən ölkələrdə geniş şəkildə qəbul edilsə də, digər ölkələrdə işləməyə bilər ki, bu da səyahət edənlərin və beynəlxalq alış-veriş edənlərin həmin cüzdanlara güvənməsini çətinləşdirir.
Bundan əlavə, hər ölkənin özünün məlumat təhlükəsizliyi, pul yuyulmasının qarşısının alınması və maliyyə əməliyyatları ilə bağlı qanunları var. Bu da o deməkdir ki, şirkətlərin bir ölkədə gördüyü uyğunluq tədbirləri başqa bir ölkədə tamamilə yetersiz ola bilər.
Üstəlik, bəzi insanlar böyük texnologiya şirkətlərinin rəqəmsal cüzdan bazarında nə qədər dominant olmasından narahatdır. Böyük Britaniyanın Maliyyə Davranışı Tənzimləyicisi (FCA) və Ödəniş Sistemləri Tənzimləyicisinin (PSR) məlumatına görə, Apple Pay və Google Pay 2019–2023 illəri arasında rəqəmsal cüzdan əməliyyatlarının bazar payında %21 artım əldə edib.
Bu tendensiya davam edərsə, rəqabəti və innovasiyanı məhdudlaşdıra və həm alıcılar, həm də bizneslər üçün daha az əlverişli şərtlərə səbəb ola bilər. Hətta bu gün Apple və Google-un ədalətsiz rəqabət aparıb-aparmadıqları ilə bağlı Böyük Britaniyada araşdırmalar aparılır.

Təhlükəsizlik narahatlıqları
Təəssüf ki, maliyyə məlumatlarının rəqəmsal platformada saxlanması səbəbindən rəqəmsal cüzdanlar avtomatik olaraq kibercinayətkarlar üçün cəlbedici hədəfə çevrilir. Məsələn, hakerlərin rəqəmsal cüzdanlardan pul oğurlamaq üçün zərərli proqram hücumlarından istifadə etdiyi hallara rast gəlinib.
Həm müştərilər, həm də bizneslər üçün bu, cinayətkarların həssas şəxsi və maliyyə məlumatlarına daxil ola bilməsi deməkdir. Müştərilər pul itirə və kimlik oğurluğu ilə üzləşə bilər, bizneslər isə reputasiya itkisi, hüquqi nəticələr və maliyyə cərimələri ilə qarşılaşa bilər.

Rəqəmsal cüzdanların gələcəyi

Nağdsız cəmiyyətə doğru irəlilədikcə, rəqəmsal cüzdanlar sürətlə bütün dünyada norma halına gəlir. 2026-cı ilə qədər qlobal rəqəmsal cüzdan istifadəçilərinin sayının 5,2 milyarda çatacağı gözlənilir ki, bu da dünya əhalisinin %60-dan çoxuna bərabərdir.
Bunun səbəblərindən biri də budur ki, rəqəmsal cüzdanlar bank sisteminin yaxşı inkişaf etmədiyi və ya üzbəüz bank xidmətlərinə çıxışın çətin olduğu ölkələrdə yaşayan insanlara kömək edir. Bu bölgələrdə mobil ödəniş həlləri bank hesabı olmayan və ya maliyyə xidmətlərinə çıxışı məhdud olan şəxslərə pul göndərmək və almaq imkanı verir.
Rəqəmsal cüzdanların yüksəlişini dəstəkləyən digər bir tendensiya isə demək olar ki, hər kəsin mobil telefona sahib olduğu müasir ölkələrdə WeChat kimi “super tətbiqlər”in ortaya çıxmasıdır. Bu tətbiqlər ödəniş, alış-veriş və ünsiyyət kimi bir neçə xidməti bir araya gətirərək rəqəmsal cüzdanları alıcılar üçün daha da cəlbedici edir.

Rahatdır, amma diqqətli olmaq lazımdır
Rəqəmsal cüzdanlar həm alıcılara, həm də bizneslərə ödənişlərdə sürət, təhlükəsizlik və elastiklik təqdim edir. Onlar həyatınızı daha rahat və daha təhlükəsiz edir, həmçinin sizi nağd pul və ya bank kartı daşımaq zərurətindən azad edir.
Bununla yanaşı, cihaz asılılığı, regional təhlükəsizlik tənzimləmələri və kibercinayətkarlıqla bağlı narahatlıqlar, sizin və alış-veriş etdiyiniz bizneslərin bu vasitələrdən necə istifadə edəcəyi barədə məlumatlı olması və diqqətli seçimlər etməsi gərəkdiyini göstərir.


Digər yazılar