ruaz

İnflyasiya nə vaxt təhlükəli olur?

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
İnflyasiya nə vaxt təhlükəli olur?

İnflyasiyanın əsas mənbələri

Xarici və nəzarət olunmayan amilləri (məsələn, qlobal enerji böhranları, müharibələr, pandemiyalar) bir kənara qoysaq, inflyasiyanın əsas səbəbləri adətən üç istiqamətdə cəmlənir:
  • Tələbin həddindən artıq artması
  • Valyuta məzənnəsinin kəskin dəyər itirməsi
  • Pozulmuş inflyasiya gözləntiləri

Bu amillər inflyasiyanı iqtisadiyyat üçün bir növ “yavaşla” siqnalına çevirir. Yəni iqtisadi sistem mövcud templə davam edə bilmədiyini göstərir.

Birinci yol: Mərkəzi Bankın vaxtında müdaxiləsi

İnflyasiya siqnal verdikdə iqtisadiyyatın gedə biləcəyi ilk yol, Mərkəzi Bankın pul siyasəti alətləri ilə müdaxilə etməsidir. Ən çox istifadə olunan vasitə isə faiz dərəcələrinin artırılmasıdır. Faizlərin yüksəldilməsi kreditləşməni zəiflədir, tələbi azaldır və iqtisadiyyatı kontrollu şəkildə soyudur.
Bu ssenaridə məqsəd iqtisadiyyatda yaranmış çıxış boşluğunu (çıxış açığını) sıfırlamaq və inflyasiyanı aşağı salmaqdır. Mərkəzi Bank nə qədər:
  • müstəqil,
  • etibarlı,
  • çevik və peşəkar olarsa,
inflyasiya bir o qədər tez və daha az iqtisadi itki ilə nəzarət altına alınır. Bu yol ağrılı olsa da, uzunmüddətli sabitlik baxımından ən sağlam yanaşma hesab olunur.

İkinci yol: İnflyasiyanı öz axarına buraxmaq

İkinci ssenaridə inflyasiyaya birbaşa müdaxilə edilmir. Yəni iqtisadiyyat faiz alətləri ilə soyudulmur və bazar mexanizmlərinin öz-özünə tarazlıq yaratması gözlənilir. Nəticədə inflyasiya artmağa davam edir və bu artım əhalinin alıcılıq qabiliyyətini zəiflədir.
Alıcılıq qabiliyyəti azaldıqca:
  • istehlak geriləyir,
  • tələbin azalması iqtisadiyyatı yavaşladır,
  • çıxış boşluğu yenidən sıfırlanır.
Lakin bu dəfə iqtisadi yavaşlama faiz vasitəsilə deyil, yüksək inflyasiya hesabına baş verir. Ən təhlükəli məqam isə odur ki, bu ssenarinin sonunda inflyasiya qalıcı olaraq yüksək səviyyədə qalır və iqtisadi sabitlik ciddi şəkildə pozulur.

Hansı yol daha təhlükəsizdir?
Hər iki ssenaridə iqtisadiyyat sonda uzunmüddətli artım tempinə qayıtsa da, nəticələr tamamilə fərqlidir. Birinci yolda inflyasiya nəzarət altına alınır, ikinci yolda isə yüksək inflyasiya normaya çevrilir.
Məhz bu səbəbdən dünyada Mərkəzi Banklara böyük önəm verilir və onlara inflyasiya ilə mübarizə missiyası həvalə olunur. İnflyasiyaya gec müdaxilə edildikcə, onu aşağı salmaq üçün tələb olunan faiz dərəcələri daha da yüksəlir və bu da iqtisadiyyatın resessiyaya düşmə riskini artırır.

Üçüncü və ən təhlükəli yol: Populist müdaxilələr

İkinci ssenarinin daha riskli davamı olan üçüncü yol isə inflyasiya ilə mübarizə aparılmadan, onun təsirlərini ört-basdır etməyə çalışmaqdır. Bu yanaşmada:
  • yüksək maaş artımları,
  • vergi endirimləri,
  • geniş dövlət dəstək paketləri
vasitəsilə əhalinin inflyasiyadan “qorunması” hədəflənir.
İlk baxışda bu tədbirlər müsbət təsir bağışlasa da, əslində iqtisadiyyata süni stimul verir. İqtisadiyyatın öz-özünü soyutma mexanizmi işləmədiyi üçün tələb yenidən artır və inflyasiya daha güclü dalğa ilə geri qayıdır. Bu mərhələdə əməkhaqqı–inflyasiya spiralı yaranır və vaxtında müdaxilə olunmazsa proses hiperinflasiyaya qədər gedib çıxa bilər.

İnflyasiya nə vaxt həqiqətən təhlükəli olur?

İnflyasiya aşağıdakı hallarda ciddi təhlükəyə çevrilir:
  • uzun müddət yüksək səviyyədə qalanda,
  • inflyasiya gözləntiləri pozulanda,
  • Mərkəzi Bank müstəqilliyini və etibarını itirəndə,
  • inflyasiya ilə deyil, yalnız onun nəticələri ilə mübarizə aparılanda,
  • iqtisadiyyat stagflasiya (yüksək inflyasiya + zəif artım) riski ilə üzləşəndə.
Tarix dəfələrlə göstərib ki, 60–70% səviyyəsində inflyasiya ilə uzunmüddətli inkişaf etmiş və yumşaq eniş edə bilmiş ölkə yoxdur.

Vətəndaşların inflyasiyadan qorunması son dərəcə vacibdir. Lakin bu qorumanın yeganə davamlı yolu inflyasiyanın özünü nəzarət altına almaqdır. İnflyasiya ilə mübarizə aparmadan, onun yan təsirlərini yumşaltmağa çalışmaq problemi həll etmir, əksinə daha dərin və dağıdıcı inflyasiya dalğalarına zəmin yaradır.
İnflyasiya təhlükəli olur müdaxilə gecikəndə, siyasi və populist qərarlar iqtisadi reallıqları üstələyəndə və pul siyasəti etibarını itirəndə.


Digər yazılar