ruaz

Yeni Başlayanlar üçün İnvestisiya Nədir?

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
Yeni Başlayanlar üçün İnvestisiya Nədir?

İnvestisiya nədir? Necə investisiya edilir?

Gələcəkdə gəlir əldə etmək məqsədilə alınan hər hansı maliyyə aktivinə investisiya deyilir. Bunu alış-verişdən fərqləndirən əsas cəhət isə aldığınız məhsulun maliyətindən daha çox qazanc gətirməsidir. Yəni yığım potensialınızı qazanca çevirməyi hədəfləməlisiniz.
Lakin qazanc əldə etməyin qısa, orta və uzunmüddətli, davamlı və ya birdəfəlik kimi müxtəlif formaları var. Məsələn, qızıl və ya valyuta məzənnələrini izləyərək, daha yüksək qiymətə satmaqla anlıq və ya uzunmüddətli qazanc əldə edə bilərsiniz. Və ya bir mənzil alıb, zamanla dəyəri artdıqda satmaq barədə düşünə bilərsiniz – bu isə artıq uzunmüddətli investisiyadır.
Əgər sabit və davamlı gəlir əldə etmək istəyirsinizsə, bu zaman da uzunmüddətli investisiya növü olaraq səhm alıb, dividend gəliri əldə edə bilərsiniz.
Qısacası, dəyəri olan hər şeyi investisiya məqsədilə əldə etmək mümkündür. Ancaq işin əvvəlindəykən investisiyanın əslində nə vəd etdiyini və niyə vacib olduğunu anlamağınız çox önəmlidir.

Niyə önəmlidir?

Ortaq məqsədin yığımları qazanca çevirmək olduğunu demişdik. Ancaq investisiya edərkən mütləq yüksək gəlir gözləmək məcburiyyətində deyilsiniz. Sadəcə pulunuzun dəyərini qorumaq üçün də investisiya edə bilərsiniz.
Düzgün investisiya strategiyası qurmaqla gələcəkdə alıcılıq gücünüzü bu günkü vəziyyətinizdən daha yaxşı səviyyəyə çatdıra bilərsiniz. Digər tərəfdən, büdcəniz ölçüsündə müntəzəm olaraq investisiyaya vəsait ayırmaq, zamanla sizdə qənaət vərdişləri formalaşdıracaq. Bu isə maliyyə sağlamlığınızın inkişafına mühüm töhfə verəcək.
Bəzən sadəcə pulunuzun dəyərini qorumaq üçün də investisiya etmək istəyə bilərsiniz. Doğru bir investisiya strategiyası quraraq gələcəkdəki alıcılıq qabiliyyətinizin bu günkindən daha yüksək olmasına nail ola bilərsiniz.

Risklər Nələrdir?

Hər bir investisiya müəyyən risk daşıyır. Yəni pul qazana biləcəyiniz kimi, zərərə də uğraya bilərsiniz. Məsələn, bir şirkətdən səhm aldığınızı düşünək. Əgər həmin şirkət iflasa uğrayarsa və ya fəaliyyətində uğursuzluq yaşanarsa, sahib olduğunuz səhmlər də dəyərdən düşə bilər.
Və ya bazar şərtlərini qiymətləndirmədən pulunuzu xarici valyutaya çevirdiyinizi düşünək. Əgər bazarın ən dəyişkən dövründə həmin valyutanı satarsınızsa, gəlir itkisinə məruz qala bilərsiniz.
Bundan əlavə, investisiya etdiyiniz məhsulun dəyəri nə qədər yüksəkdirsə, daşıdığı risk də o qədər artır.

Əsas İnvestisiya Alətləri

Və gəldik investisiya qərarı verməyə... Qısa müddətdə yüksək qazanc əldə etmək istəyirsiniz, yoxsa “az olsa da, hər ay sabit və davamlı gəlirim olsun” deyirsiniz? Büdcəniz, investisiya məqsədiniz, nə qədər müddətdə və hansı məbləğdə qazanc əldə etmək istədiyiniz aydın olduqdan sonra, artıq arxaya yaslanıb investisiya etmək istədiyiniz məhsula qərar verə bilərsiniz.
Bunun üçün seçə biləcəyiniz bəzi investisiya alətləri bunlardır:

Səhm (Hissə sənədi)

Şirkətlər fəaliyyətlərini maliyyələşdirmək üçün səhm satışı həyata keçirirlər. İnvestorlar isə bu səhm hissələrini alaraq şirkət üzərində qismən mülkiyyət əldə edirlər. İnvestorun şirkətdəki payını ifadə edən bu sənədlərə səhm deyilir. Səhm zamanla dəyər qazana bilər, lakin şirkət uğursuz olduqda dəyər itirə də bilər.
Bundan əlavə, şirkət gəlir əldə etdikcə, illik mənfəətdən dividend adlandırılan kiçik və davamlı ödənişlər də əldə edə bilərsiniz.

Daşınmaz əmlak

Ənənəvi investisiya deyildikdə, ağla gələn ilk maliyyə aktivlərindən biri daşınmaz əmlakdır. Evlər, binalar və torpaq sahələri kimi daşınmaz əmlaklara yatırım edərək sabit icarə gəliri əldə edə bilər və ya dəyərinin yüksəlməsini gözləyərək gələcəkdə daha yüksək qiymətə sata bilərsiniz.
Lakin investisiya qərarı verməzdən əvvəl əmlakın yerləşdiyi məkan, nəqliyyata yaxınlığı, məktəb, xəstəxana, universitet kimi vacib obyektlərə olan məsafəsi, rayonun gələcək inkişaf potensialı kimi amillərin diqqətlə araşdırılması vacibdir.

İnvestisiya fondları

Səhm, istiqraz və əmtəə kimi maliyyə alətlərindən formalaşan bu fondlar, bazar dinamikasını izləyən peşəkar mütəxəssislər tərəfindən idarə olunur. Yəni bir investisiya fondu aldığınız zaman, portfelinizdəki alqı-satqı əməliyyatlarını bu mütəxəssislərə həvalə etmiş olursunuz.
Başqa bir üstünlüyü isə eyni anda yüzlərlə, hətta minlərlə aktivə yatırım etmə imkanı təqdim etməsidir. Bu şəkildə müxtəlif alətlərə yayılmış sərmayə, dəyər itkilərindən daha az təsirlənir, beləliklə risk faktoru da azalır.

Digər yazılar