Böyük neft şirkətlərinin müharibə qazancı

Böyük Neft Şirkətlərinin Müharibədən Əldə Etdiyi Gəlirlər
Dünya stagflyasiyaya doğru gedir və fürsətçilər artıq hərəkətə keçib.
İran müharibəsi bitsə də, bitməsə də, təhlükə siqnallarının səngiyəcəyi görünmür. Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol-a görə, müharibə nəticəsində zərər görmüş neft və qaz istehsalının bərpası iki ilə qədər çəkə bilər. Hörmüz boğazının bağlanması, enerji infrastrukturuna dəyən ciddi ziyan və təchizat şokları qlobal iqtisadiyyatda stagflyasiya siqnallarını gücləndirir.
Müharibə deyildikdə adətən ilk ağla gələn silah istehsalçıları olur. Amma başqa bir sektor da var: neft şirkətləri bu xaosdan böyük qazanc əldə edib və daha da güclənib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyanın birjada qeydiyyatdan keçmiş ən böyük beş neft şirkəti — BP, Shell, Chevron, ExxonMobil və TotalEnergies — ümumilikdə 281 milyard dollar, yəni dörddə bir trilyondan çox qazanc əldə edib.
İndi isə İran müharibəsinə baxaq.
“The Guardian” qəzetinin enerji üzrə jurnalisti Damien Carrington-un texniki analizlərə əsaslanan xüsusi araşdırması, Rystad Energy məlumatlarının Global Witness tərəfindən işlənməsi ilə hazırlanıb.
Bu araşdırma müharibənin kölgəsində qalan vacib bir reallığı ortaya qoyur:
Dünyanın ən böyük 100 neft və qaz şirkəti ABŞ-İsrailin İrana qarşı başlatdığı müharibənin ilk ayında saatda 30 milyon dollardan çox qazanc əldə edib. Saudi Aramco, Gazprom və ExxonMobil bu qazancın əsas benefisiarlarıdır.
Bu şirkətləri birləşdirən əsas xüsusiyyət isə onların iqlim siyasətlərinə qarşı çıxan əsas aktorlar olmasıdır.
Əsas məqamlar
- Müharibə nəticəsində xam neftin qiyməti mart ayında orta hesabla 100 dollara çatdı və bu, şirkətlərə həmin ay ərzində təxminən 23 milyard dollar əlavə qazanc gətirdi.
- Neft və qaz təchizatının əvvəlki səviyyəyə qayıtması aylarla, bəlkə də illərlə davam edə bilər. Əgər qiymətlər 100 dollar səviyyəsində qalarsa, bu şirkətlər ilin sonuna qədər 234 milyard dollar qazanc əldə edə bilər.
- Saudi Aramco ən böyük qazanc əldə edən şirkət olaraq qalır. Neft qiymətləri sabit qaldığı halda, 2026-cı ildə 25,5 milyard dollar əlavə qazanc əldə edə bilər.
- Rusiya şirkətləri — Gazprom, Rosneft və Lukoil — ilin sonuna qədər təxminən 23,9 milyard dollar müharibə qazancı əldə edə bilər. Bu gəlirlər Ukrayna müharibəsi üçün də maliyyə mənbəyi rolunu oynayır.
- ExxonMobil üçün bu qazanc 11 milyard dollar, Shell üçün isə 6,8 milyard dollar səviyyəsində qiymətləndirilir.
- Müharibənin ilk ayından sonra bu şirkətlərin bazar dəyəri də ciddi artıb: ExxonMobil 118 milyard dollar, Shell isə 34 milyard dollar dəyər qazanıb.
- Chevron təxminən 9,2 milyard dollar əlavə qazanc əldə etmək üzrədir. Şirkətin CEO-su Mike Wirth bu dövrdə 104 milyon dollarlıq səhmlərini sataraq şəxsi qazanc əldə edib.
Sektorun uzunmüddətli qazancı
Neft və qaz sektoru son 50 ildə orta hesabla ildə 1 trilyon dollar qazanc əldə edib. Böhran illərində bu rəqəm daha da yüksəlir.
Bundan əlavə, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu sektor 2022-ci ildə 1,3 trilyon dollar həcmində dövlət subsidiyalarından faydalanıb.
İctimai təsirlər və reaksiyalar
Bu qazanc əslində adi insanların cibindən çıxır. Yüksək yanacaq və enerji qiymətləri həm fərdi istifadəçilərə, həm də bizneslərə ciddi təsir göstərir.
Bir çox ölkələr vətəndaşları qorumaq üçün yanacaq vergilərini azaldır, lakin bu da dövlət büdcəsinə mənfi təsir edir.
Bunun əksinə olaraq, bərpa olunan enerji sahəsinə yatırım edən ölkələr qiymət artımlarından daha az təsirlənir.
Eyni zamanda neft şirkətlərinə qarşı “gözlənilməz qazanc vergisi” tətbiq edilməsi tələbləri də güclənir.
Nəticə
İran müharibəsinin başlanmasından sonra Avropa İttifaqının fosil yanacaq xərcləri 22 milyard avro artıb.
Avropa Komissiyası və bir sıra ölkələrin maliyyə nazirləri müharibədən qazanc əldə edən şirkətlərin cəmiyyətə dəstək verməli olduğunu vurğulayıb.
Lakin reallıq dəyişmir: enerji bazarındakı qeyri-sabitlik və müharibə şəraiti davam etdikcə, bu qazanc modeli də davam edəcək.


