Sağlam həyat üçün 10 addım

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
Sağlam həyat üçün 10 addım

Balanslı qidalanın

Meyvə, tərəvəz, paxlalılar, qoz-fındıq və tam taxılları əhatə edən müxtəlif ərzaqlarla qidalanın. Böyüklər gündə ən azı 5 porsiya (təxminən 400 qram) meyvə və tərəvəz istehlak etməlidir. Yeməklərinizə tərəvəz əlavə edərək və mövsümə uyğun təzə meyvə-tərəvəz seçərək bu tövsiyəyə əməl edə bilərsiniz.

Duz və şəkər istehlakını azaldın

Duz qəbulunu gündə 5 qramdan (təxminən 1 çay qaşığı) aşağı səviyyədə saxlamağa çalışın. Yemək bişirərkən duz, soya sousu və digər duzlu ədviyyələrin miqdarını azaltmaqla bunu rahatlıqla həyata keçirmək mümkündür.
Şəkər, gündəlik enerjinin maksimum 10%-ni, ideal olaraq isə 5%-dən azını təşkil etməlidir (böyüklər üçün bu, orta hesabla təxminən 50 qram və ya 12 çay qaşığına bərabərdir). Şirin içkilərdən, konfetlərdən və şəkər tərkibli qəlyanaltılardan uzaq durmaq tövsiyə olunur.

Zərərli yağlardan uzaq durun

Ümumi enerji qəbulunuzun 30%-dən azı yağlardan gəlməlidir. Bu, artıq çəki və qeyri-yoluxucu xəstəliklərin qarşısını almağa kömək edir. Balıq, avokado, qoz-fındıq və zeytun yağı kimi doymamış yağlara qidalanmada önəm verin, doymuş və trans yağların istehlakını isə mümkün qədər azaldın.
Doymuş yağlar — yağlı ət, kərə yağı, hindistan cevizi yağı və qaymaqda olur. Trans yağlar isə — qızardılmış yeməklər, hazır şirniyyatlar, donmuş pizzalar və biskvitlərdə olur.

Fiziki fəaliyyətdən çəkinməyin

Fiziki fəaliyyət — istənilən bədən hərəkətidir və iş, oyun, ev işi və ya əyləncə məqsədilə edilə bilər. 18–64 yaş arası böyüklər həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivlik göstərməlidir. Sağlamlıq üçün əlavə fayda istəyirsinizsə, bu rəqəmi 300 dəqiqəyə qədər artıra bilərsiniz.

Qan təzyiqinizi mütəmadi yoxlayın

Hipertoniya ("səssiz qatil") adlandırılır, çünki bir çox insanda simptom olmur. Nəzarətsiz yüksək təzyiq, ürək, beyin, böyrək və digər ciddi xəstəliklərə səbəb ola bilər. Təzyiqinizi mütəmadi yoxlayın və yüksəkdirsə, təcrübəli bir tibb işçisinə müraciət edin.

Etibar etmədiyiniz suyu içməyin

Çirklənmiş su, xolera, ishal, hepatit A, tif və uşaq iflici kimi su ilə yoluxan xəstəliklərin yaranmasına səbəb ola bilər. Dünya üzrə təxminən 2 milyard insan, fekal bulaşmış içməli sudan istifadə edir. Əgər içdiyiniz suyun təmizliyindən əmin deyilsinizsə, ən azı 1 dəqiqə qaynadın və soyuduqdan sonra istifadə edin.

Gərəksiz yerə antibiotik qəbul etməyin

Antibiotiklərə qarşı müqavimət, bu günün ən ciddi ictimai səhiyyə təhdidlərindən biridir. Bu dərmanlar nəzarətsiz və lazımsız istifadə olunduqda effektivliyini itirir.

Əllərinizi tez-tez yuyun

Əl gigiyenası yalnız tibb işçiləri üçün deyil, hər kəs üçün həyati əhəmiyyət daşıyır. Covid-19 pandemiyası bu məsələnin vacibliyini bir daha göstərdi. Əllər gözlə görünəcək qədər çirkli olduqda sabun və su ilə, mümkün deyilsə spirt əsaslı məhsulla təmizlənməlidir.

Yeməklərinizin təmizliyindən əmin olun

Zərərli bakteriyalar, viruslar, parazitlər və kimyəvi maddələrlə çirklənmiş qidalar 200-dən artıq xəstəliyin yaranmasına səbəb ola bilər. Alış-veriş zamanı məhsulun etiketini yoxlayın. Hazırlıq zamanı bu 5 qaydaya əməl edin:
  • Təmiz saxlayın
  • Çiy və bişmiş qidanı ayırın
  • Yaxşı bişirin
  • Qidaları təhlükəsiz temperaturda saxlayın
  • Təmiz su və xammal istifadə edin


Daxilinizə qapanmayın

Depressiya, dünya üzrə 260 milyondan çox insanı təsir edən geniş yayılmış bir vəziyyətdir. Özünüzü ümidsiz, dəyərsiz və ya həddindən artıq neqativ düşüncələr içində hiss edirsinizsə, tək olmadığınızı unutmayın. Lazım gəldikdə peşəkar yardım almaqdan çəkinməyin.


Digər yazılar