FED Faizi Nədir? Bazarlar Üzərində Təsirləri Nədir?

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
FED Faizi Nədir? Bazarlar Üzərində Təsirləri Nədir?

FED Faizi Nədir? Bazarlar Üzərində Təsirləri Nədir?

Qlobal bazarlarda dalğalanma yaşandıqda və ya iqtisadiyyatda ani dəyişikliklər baş verdikdə hər kəsin gözü bir nöqtəyə yönəlir: FED-in faiz qərarı. Bəs bu qərar niyə bu qədər önəmlidir? FED-in faiz dərəcəsini artırması və ya azaltması təkcə bankları və investorları deyil, birbaşa sizin cibinizi də təsir edir. Kredit faiz dərəcələrindən valyuta məzənnələrinə, birja dəyişikliklərindən inflyasiya səviyyəsinə qədər bir çox iqtisadi göstərici bu qərardan təsirlənərək formalaşır. Bəs FED faizi nədir və necə müəyyən olunur? Gəlin bu vacib mövzunu birlikdə araşdıraq! Əvvəlcə qısa şəkildə FED-in nə olduğunu izah edək.


FED Nedir?

FED – tam adı ilə Federal Ehtiyat Sistemi, ABŞ-ın mərkəzi bank sistemidir. Sistemin idarəetməsi Vaşinqtonda yerləşir və ölkə üzrə 12 regional bankla fəaliyyət göstərir: Boston, Nyu-York, Filadelfiya, Klivlend, Riçmond, Atlanta, Çikaqo, Sent-Luis, Minneapolis, Kanzas Siti, Dallas və San-Fransisko.

FED-in əsas məqsədi maliyyə sabitliyini qorumaq və iqtisadi artımı dəstəkləməkdir.



FED-in Əsas Vəzifələri və Pul Siyasətinə Təsiri

FED beş əsas vəzifəni yerinə yetirərək ABŞ iqtisadiyyatının sağlam fəaliyyətini təmin edir:

  1. Pul siyasətini idarə etmək
  2. Maliyyə sisteminin sabitliyini qorumaq
  3. Bank sektorunu tənzimləmək və nəzarət etmək
  4. Ödəniş və hesablaşma sistemlərini inkişaf etdirmək
  5. İstehlakçı hüquqlarını qorumaq

FED-in verdiyi qərarlar yalnız ABŞ iqtisadiyyatını deyil, qlobal maliyyə bazarlarını da birbaşa təsirləndirə bilər.


Fed Faiz Dərəcələrinin İqtisadiyyata Təsiri

Faiz dərəcələri iqtisadi artım, inflyasiya və investisiya qərarlarına birbaşa təsir edən ən mühüm makroiqtisadi alətlərdən biridir. Mərkəzi banklar inflyasiyanı cilovlamaq və iqtisadi “həddindən artıq qızmanı” soyutmaq üçün faiz dərəcələrini artırır. Əksinə, iqtisadiyyatı stimullaşdırmaq və sərmayələri təşviq etmək üçün faizləri endirirlər. Həmçinin, faiz dərəcələri valyuta məzənnələrini və kapital axınlarını təsir edərək qlobal bazarlarda dalğalanmalara səbəb ola bilər.



FED Faiz Qərarları Necə Verilir?

FED Faiz Dərəcəsini Necə Müəyyənləşdirir?

FED pul siyasətini yönəltmək üçün federal fond dərəcəsi adlanan banklararası gecəlik kredit faizini hədəf kimi seçir. Bu qərarlar Federal Açıq Bazar Komitəsi (FOMC) tərəfindən verilir. FOMC ildə səkkiz dəfə toplanaraq iqtisadi göstəriciləri dəyərləndirir və faiz üçün yeni hədəf intervalını müəyyən edir.

İqtisadiyyat yavaşladıqda və ya inflyasiya aşağı səviyyədə olduqda, FED faizləri endirərək likvidlik yaradır və borclanma xərclərini azaldır. Bu da investisiya və istehlakı artıraraq iqtisadi artımı təşviq edir. Əksinə, inflyasiya yüksəlirsə və ya iqtisadiyyat həddindən artıq qızırsa, FED faizləri artıraraq xərcləri azaldır və qiymət sabitliyinə nail olmağa çalışır.

FOMC və Qərarvermə Prosesləri

FOMC – FED-in pul siyasəti qərarlarını verən əsas orqandır. Komitənin əsas məqsədi maksimum məşğulluq və qiymət sabitliyini qorumaqdır.


İnflyasiya, İşsizlik və Artımın Qərarlara Təsiri

Əgər inflyasiya hədəf göstəricidən yüksəkdirsə, FED faizləri artırır. Əgər işsizlik yüksək və iqtisadi artım zəifdirsə, FED faizləri azaldaraq iqtisadi fəaliyyəti stimullaşdırır. Bu, FED-in “ikili mandat” adlandırılan siyasətini əks etdirir.



FED Faiz Qərarlarının İqtisadiyyata Təsiri

İnflyasiya Üzərində Təsiri

Faiz artımları borclanma xərclərini yüksəldərək istehlak və investisiyanı azaldır, bu da inflyasiyanı aşağı salmağa kömək edir. Faiz endirimləri isə tərsinə işləyir – istehlakı artıraraq inflyasiyanı yüksəldə bilər.

İşsizlik və Artım Üzərində Təsiri

Aşağı faizlər şirkətlər üçün daha əlverişli kredit şərtləri yaradır, bu isə investisiya və məşğulluğun artmasına səbəb olur. Yüksək faizlər isə xərcləri artıraraq işsizliyi yüksəldə və iqtisadi artımı zəiflədə bilər.

Dollar və Valyutalara Təsiri

Faiz artımları xarici investorlar üçün daha yüksək gəlir imkanı demək olduğuna görə dolların dəyərini artırır. Əksinə, faiz endikdə dollar zəifləyə bilər.



FED Faiz Qərarlarının Maliyyə Bazarlarına Təsiri

Birja və Səhm Bazarı

Faiz dəyişikliyi şirkətlərin kredit xərclərinə və gəlir gözləntilərinə təsir edərək səhm qiymətlərində dəyişkənlik yarada bilər. Faiz artımı adətən səhm qiymətlərində enişə, faiz endirimi isə artıma səbəb olur.

Kriptovalyuta Bazarı

FED qərarları kriptovalyutaların özündən asılı olmasa da, investorların risk iştahı və likvidlik vəziyyəti üzərindən bu bazarlarda da dalğalanmalara yol aça bilər.

İstiqraz Bazarı

Faiz dərəcələri ilə istiqraz gəlirləri arasında əks əlaqə mövcuddur. Faizlər artdıqda mövcud istiqrazların qiyməti düşür, gəlirləri yüksəlir. Faizlər endikdə isə əks proses baş verir.



FED Faizi Gözləntiləri və Bazarların Reaksiyası

FED Toplantı Təqvimi və Qiymətləndirmələr

FED 2025 və 2026-cı illər üçün FOMC toplantılarının tarixlərini açıqlayıb. 2025-ci ildə aşağıdakı tarixlərdə toplantılar keçiriləcək:

  • 28–29 Yanvar
  • 18–19 Mart
  • 6–7 May
  • 17–18 İyun
  • 29–30 İyul
  • 16–17 Sentyabr
  • 28–29 Oktyabr
  • 9–10 Dekabr

Toplantıların ikinci günündə siyasət qərar mətnləri yayımlanacaq və ardından FED sədri mətbuat konfransı keçirəcək. Bazarlar bu qərarları diqqətlə izləyərək qiymətləndirmələr edir.

Faiz Qərarları Ətrafında Gözləntilər və Şayiələr

İnvestorlar FED-in atacağı addımlar barədə təxminlər edərək mövqe tuturlar. İqtisadi göstəricilər və FED üzvlərinin açıqlamaları bu gözləntilərin formalaşmasında həlledici rol oynayır.

Dot Plot Nədir?

Dot plot – FOMC üzvlərinin gələcək faiz dərəcələrinə dair fərdi proqnozlarını göstərən qrafikdir. Hər nöqtə bir üzvün müəyyən bir ilin sonu üçün faiz dərəcəsi gözləntisini əks etdirir. Bu, FED-in gələcək siyasət xəttinə dair bazarlar üçün vacib göstəricidir.



Son İllərdə FED Siyasəti və Gələcək Gözləntiləri

2020-ci ildən Sonra Pandemiya Dövründə FED Siyasəti

COVID-19 pandemiyasının təsirini azaltmaq üçün FED faiz dərəcələrini sıfıra yaxınlaşdıraraq genişləndirici pul siyasəti tətbiq etmiş və varlıq alım proqramları ilə bazarlara likvidlik təmin etmişdir.


2022–2023 Faiz Artım Dövrü

Pandemiya sonrası inflyasiyanın gözləniləndən daha sürətli yüksəlməsi səbəbilə FED 2022 və 2023-cü illərdə bir neçə mərhələdə faiz artırımı həyata keçirmişdir. Məqsəd inflyasiyanı nəzarətə almaq və iqtisadi sabitliyi təmin etmək olmuşdur.


2024 və Sonrası Gözləntilər

2024-cü ildən etibarən inflyasiyanın azaldılması üçün FED faiz endirimlərinə başlamışdır. 2025-ci ilin əvvəlində faizlər sabit saxlanılmışdır. Gələcək faiz qərarlarında iqtisadi artım və məşğulluq göstəriciləri əsas rol oynayacaq.

Digər yazılar