ruaz

Rəqəmsal Pul ilə Kriptovalyuta Arasındakı Fərq Nədir?

MƏQALƏDərc olunma tarixi: 14.05.2025 11:01👁 9 532Oxuma vaxtı: 5 dəqiqə
Rəqəmsal Pul ilə Kriptovalyuta Arasındakı Fərq Nədir?

Hansısı daha geniş anlayışdır?

İlk olaraq qeyd etməliyik ki, rəqəmsal pul kriptovalyutanı da daxil edən daha geniş bir anlayışdır. Rəqəmsal pul ümumilikdə bütün elektron ödəniş vasitələrini əhatə edir və hər zaman kriptoqrafiyadan istifadə etməyə bilər. Kriptovalyuta isə əsasən şifrələmə texnologiyasına – yəni kriptoqrafiyaya əsaslanır.
Xüsusilə pandemiya dövründə ənənəvi valyutalara olan etimadın azalması, xüsusilə də Bitcoin kimi kriptovalyutaların dəyərində əhəmiyyətli artışa səbəb oldu. Bu meyil, artıq rəqəmsal pulları gündəminə almış olan mərkəzi bankların bu sahədəki fəaliyyətlərini sürətləndirdi.

Məsələn:
  • Avropa Mərkəzi Bankı — rəqəmsal avro layihəsinə start verdi,
  • Çin Mərkəzi Bankı — rəqəmsal yuan layihəsini işə saldı,
  • Facebook, Google, Apple, Amazon kimi texnologiya nəhəngləri də bu sahəyə maraq göstərməyə başladı.


Rəqəmsal pulların əsas xüsusiyyətləri belədir:
  • Dəyəri və digər valyutalara çevrilməsi, bildiyimiz fiziki pullar kimidir.
  • Müxtəlif bank sistemləri arasında işləyə bilir.
  • Gündə 24 saat ərzində, istər onlayn, istərsə də oflayn rejimdə müxtəlif əməliyyatlar üçün istifadə oluna bilər.
  • Pulun yaradılması və dövriyyəyə buraxılma xərci çox azdır, bəzən demək olar ki, sıfırdır.


Mərkəz məsələsi: Ən əsas fərq

Rəqəmsal pul ilə kriptovalyuta arasındakı əsas və ilk fərq onların “mərkəzləşmə” prinsipi ilə bağlıdır.
Rəqəmsal pullar qanuni statusa malikdir və adətən mərkəzi orqanlar — məsələn, banklar və ya dövlət qurumları tərəfindən yaradılır. Bu səbəbdən mərkəzləşdirilmiş bir sistemə tabedirlər. Şəbəkə daxilindəki bütün əməliyyatlar həmin mərkəzi qurum tərəfindən nəzarətdə saxlanılır.
Daha əvvəl də vurğuladığımız kimi, rəqəmsal pullar birbaşa mərkəzi banklar tərəfindən buraxılır və onların nəzarətində dövriyyədə olur. Bu pullarla ediləcək əməliyyatlar müvafiq orqanın təsdiqi ilə həyata keçirilir.

Kriptovalyutalar necə fərqlənir?

Kriptovalyutalar isə mərkəzsizdir və tənzimləmələr birlikdə iştirak edən cəmiyyətin əksəriyyəti tərəfindən həyata keçirilir. Bitcoin, Ethereum kimi kriptovalyutalar istifadəçilər tərəfindən mayninq (mədənçilik) prosesi ilə yaradılır və yalnız yeni blokların formalaşdırılıb təsdiqlənməsindən sonra bu vahidlər dövriyyəyə buraxılır. Bundan əlavə, kriptovalyuta əməliyyatları üçün də bu icmanın təsdiqi tələb olunur. Bu səbəbdən də dəyəri bazar tərəfindən müəyyən edilir.
Kriptovalyutaya dair bütün əməliyyatlar, bir növ mühasibat kitabı hesab edilən blockchain (blok zənciri) texnologiyası ilə qeyd olunur. Hər hansı texniki problem zamanı sizə cavab verəcək hüquqi bir qurum tərəfindən dəstəklənmirlər.

Dalğalı, yoxsa sabit?
Mərkəzi qurumlar tərəfindən dəstəkləndiyi üçün rəqəmsal pulların dəyərində daha az dəyişkənlik olması gözlənilir. Məsələn, mərkəzi bankalar digər valyutaların dəyərinə uyğun olaraq pul siyasətləri ilə maliyyə sabitliyini təmin edə bilərlər.
Kriptovalyutalar isə daha dəyişkən bir pul vahididir, çünki nisbətən inkişaf etməmiş bir bazarda fəaliyyət göstərir, rəsmi qurumlar tərəfindən geniş şəkildə dəstəklənmir və gələcək gözləntilərlə doludur.

Anonim qalmaq ya da qalmamaq
Rəqəmsal pullarla edilən alış, yatırım kimi əməliyyatlar üçün istifadəçinin real şəxsiyyət məlumatları tələb olunur. Buna görə də bu əməliyyatlar gizli saxlanmır.
Kriptovalyuta əməliyyatları isə şəxsi məlumat tələb etmir. Yəni istifadəçilər çox vaxt anonim qalır, əməliyyatlar isə çox hallarda gizli olur. Lakin hər bir əməliyyat sistemdə qeydə alınır və göndərici ilə alıcı icma tərəfindən tanınır. Bu səbəbdən bütün əməliyyatlar izlənə bilir və heç biri sonradan dəyişdirilə, silinə və ya manipulyasiya oluna bilməz. Bu baxımdan kriptovalyutalar rəqəmsal pullara nisbətən daha şəffafdır.

Təhlükəsizlik baxımından nə vəd edirlər?
Söhbət rəqəmsallaşmadan və pullardan gedəndə "Bəs təhlükəsizlik necə olacaq?" sualı qaçınılmaz olur.
Blok zənciri kimi şifrəli mühasibat sistemi sayəsində kriptovalyutalar kiber hücumlara qarşı daha güclü və təhlükəsiz sayılır.
Tək bir məlumat mərkəzi olmadığı üçün təhlükəsizlik daha yüksək səviyyədə olur.
Rəqəmsal pulların əməliyyat məlumatları isə mərkəzləşdirilmiş şəbəkələrdə saxlanılır. Bu sistemlərin mümkün kiber hücumlara, nasazlıqlara və ya fasilələrə qarşı dayanıqlı olması hədəflənir.

Nəticə olaraq: Rəqəmsal pul yarışı artıq çoxdan başlayıb. Kriptovalyuta bazarı da bir çox insanlar üçün dollar-avro məzənnələri kimi gündəlik izlənən dəyər cədvəllərinə daxil olub.
Qısası, texnologiya cibimizə girdiyi gündən bəri, artıq sözün əsl mənasında “cibimizi də” dəyişdirir!


Digər yazılar